(+994 55) 300 35 92

Nizami street 203 B Baku 31000

info@bmsconsulting.az

Uyğunlaş, yoxsa məhv olarsan!

Ana Səhifə  >>  Məqalələr

Müəllif:  İlham Ali Yusif

Başlığımız çox neqativ səslənə bilər. Yaxşı olardı ki, ətrafımızda çoxlu neqativlər baş verən bir məqamda daha pozitiv bir yazı başlığı seçərdim. Ancaq nə isə intiusiya mənə neqativ başlıqda bu yazıya daha çox maraq olacağını deyir. Əslində yazımız daha çox pozitivə yüklənən tondadır. Mən çox yaxşı başa düşürəm ki, yanvarda və fevralda qurduğumuz bir çox planları mövcud vəziyyətə görə hələ də reallaşdıra bilməmişik. Xeyli sayda sahibkar öz gələcəyini götür-qoy edib qərar verməyə çalışır. Davam və ya tamam. Əlbəttə bu tamam gələcəkdə yeni bir başlanğıclara səbəb olacaq. Ancaq heç kəs öz əziyyətini yerə çırpmaq istəmir. Belə bir məqada təbii ki, böhran dövrünə uyğunlaşma haqqında danışmaq faydalı olardı.

Yerində sayan bir insan, şirkət, ətraf mühitdə baş verən dəyişiklikləri nə qədər çox iqnor edirsə, uyğunlaşma bir o qədər prosesi çətinləşir. Məsələn, illərdir ki, işçilərin evdən işləmək imkanı ilə bağlı çalışan, buna uyğun strategiya quran, avadanlıq təminatına sahib olan şirkətlər bu prosesi pandemiya başlayar-başlamaz daha effektiv həyata keçirə bildi. Tez-tez yazılarımızda da qeyd etdiyimiz kimi, işçiyə notbuk verərək, get evdən işlə demək hələ hər şey demək deyil.

Biz istər peşəkar, istərsə də şəxsi həyatımızla bağlı mütləq B, C, lazım gəlsə Z planına da sahib olmalıyıq. Çünki bu gün yaşadığımız komfortu biz əziyyət çəkib əldə edirik.

Onu daimi itirməmək üçün gərək ara-sıra bu komfortdan imtina edək. Əgər 10 nəfərlə şirkət qurub sonra, 1000 nəfərlə davam ediriksə, bunun arxasında böyük zəhmət və əziyyət durur. Məsələn, yeni şirkət quran şəxs başlanğıcda özü həm reklam mətnləri hazırlayaraq marketinqin işini görürsə, həm yeni işçilərlə müsahibə edərək HR-ın işini görürsə, həm də ofisə mebel gələndə fəhlə kimi gedib onu daşıyırsa, illər sonra bu zəhmət və əziyyətlər, biznesdə uğur ona öz kabinetində oturaraq daha strateji işlər görməsinə şərait yaradır. Əslində müşahidələr göstərir ki, çətinliklər də bundan sonra başlayır. 10 nəfərə cavabdeh olmaq, 1000 nəfərə məsuliyyət daşımaqdan aydındır ki, çox asandır. Çünki, daha böyük insanların daha böyük məsuliyyəti olur. Kimsə bunu düzgün dərk etmirsə, ətraf mühitdə baş verən prosesləri izləmirsə və düşünür ki, bizim göstərdiyimiz xidmətə, təqdim etdiyimiz məhsula həmişə ehtiyac olacaq, o zaman o özünü aldadır və innovasiyalardan uzaqlaşır.

 

Təbii ki, fürsətcil sahibkar, insan heç zaman belə düşünmür. O daima axtarışda olur. Axtarış isə bizə yeni imkanları və fürsətləri göstərir. Biz öz həyatımızı, həyat tərzimizi, şirkətimizi bu dəyişikliklərə uyğunlaşdırmaq haqqında düşünməyə başlayırıq. Yox, əgər bunu iqnor ediriksə, təbii ki, yavaş-yavaş və ya birdəfəlik işimizi-gücümüzü itiririk. İstər məhlə marketi olsun, istər taksi xidməti, istər yol qırağında olan kafe və ya qarğıdalı satan şəxs, istər dil kursu, istər SMM şirkəti, istər plastik qapı-pəncərə düzəldən sex, istər kondisioner ustası və uzanan bir siyahı. Hər bir kəs ətrafda baş verən siyasi, texnoloji, sosial, iqtisadi, mədəni hadisələri öz işi-gücü səviyyəsində təhlil etməli və hər gün uyğunlaşaraq təkmilləşmə haqqında düşünməlidir. Bu böyük enerji alan prosesdir. Amma bu düşüncə tərzinə sahib olma, ara-sıra buna əməl etmə özü də bir nailiyyətdir.

 

10 il bundan öncə sosial media yeni populyarlaşan vaxt, bəzi brendlər konkret olaraq bu platformaları ciddiyə almırdılar.

Hətta son illər sosial medianın əyləncəli qolları populyarlaşanda belə çoxlu mənfi fikirlər var idi. Ancaq daha çox əyləncə üçün istifadə edilən Instagram pandemiya dövründə faktiki satış platformasına çevrildi. Mağazalar bağlanan vaxt, daha fürsətcil olan, vəziyyətə daha tez uyğunlaşanlar öz mallarını Instagram üzərindən təqdim etməyə və satmağa başladılar. Bura biz çoxsaylı xidmətləri də əlavə edə bilərik. İndi siz təsəvvür edin bu prosesə daha tez başlayanlar və onun faydasını qabaqcadan dərk edənlər bu dəyişikliyi necə rahat keçə bildilər.

 

İstənilən bir şirkətdə dəyişikliyə həmişə blok qoyulur. İşçilər öz rahatlıqlarından imtina etmək istəmirlər. Onlar üçün yeni prosesləri öyrənmək, yeni texnika ilə tanış olmaq, onu tətbiq etmək əlavə cəhdlər sayəsində mümkün olur. Ona görə də onlar bunu sevmirlər. Amma sevdirməyin ən düzgün yolu məhz strateji baxımdan bu dəyişikliyə yanaşmaq və uyğunlaşma və adoptivliyi rəhbərlik səviyyəsində nümayiş etdirmə, yuxarıda mənim yazdığım bəzi məqamlar da daxil olmaqla bütün vacib məqamları kommunikasiya etməklə, gələcəyə daha pozitiv baxan bir komanda qurmaqla mümkündür.

 

Koronavirus başlayandan bəri əgər sizin bu virus ilə bağlı çox qorxulu fikirləriniz nisbətən sakit mövqeyə və ya laqeyd düşüncələriniz nisbətən məsuliyyətli mövqeyə keçməyibsə, böhran dövrünə uyğunlaşma testindən elə bilin ki, keçmədiniz. Təbii ki, bu bir nümunədir. Amma düşünməyiniz üçün bunu yazdım ki, nəzərə alaq. İstənilən bir proses haqqında əgər biz başlanğıcdan radikal mövqe qoyaraq hətta çox dərin biliklərimiz əsasında birdəfəlik qərar veririksə, sonra inkişaf edən hadisələrə sadəcə bu mövqe əsasında qiymətləndirmə veririksə, o zaman biz yeniliklərə açılmır, araşdırmalarımızı davam etdirmir və maraqlı fikirləri bloka qoyaraq proseslərə yeni baxış bucağından baxa bilmirik. Bu da bizə böhran dövrünə uyğunlaşma və bəzi reallıqları qəbul etmə imkanı vermir.

 

Əlbəttə ki, indiki vəziyyətdə hər şey məhv olmayacaq. Ola bilsin ki, bəzilərimiz yaxınlarımızı itirəcək, bəzilərimiz işimizi, bəzilərimiz illərdir üstündə əziyyət çəkdiyimiz biznesimizi. Amma həyat davam edəcək. Mən başa düşürəm ki, biz indi elə məqamdayıq ki, hər birimiz mövcud vəziyyətlə əlaqadər həm maddi, həm də mənəvi sıxıntılar yaşayırıq. Ancaq unutmayaq ki, müsbət düşünmək, əziyyət çəkmək və gedən proseslərə kənardan baxmayaraq onlara uyğunlaşmaq, lazım gəlsə yeni axın istiqamətləri qurmaqla böhrandan çıxmaq mümkündür. Odur ki, gəlin çevik düşüncə tərzinə sahib olaraq vəziyyəti yavaş-yavaş öz xeyrimizə deyişək. Əks halda fərd(lər) olaraq məhv olarıq.

Məqalə markzone.az saytından götürülmüşdür.